Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumunun ikinci iş günü sessiyalarla davam etmişdir
«Turizm insanlar və
mədəniyyətlər arasında qarşılıqlı
anlaşma
və tolerantlığın əsas bələdçisi rolunda»
Mayın
31-də İkinci Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumu çərçivəsində "Turizm insanlar və
mədəniyyətlər arasında qarşılıqlı
anlaşma və tolerantlığın əsas bələdçisi rolunda"
mövzusunda xüsusi sessiya keçirilmişdir.
AzərTAc
xəbər verir ki, sessiyanın moderatoru "ST-EP" Fondunun prezidenti və Dünya Turizm
Təşkilatının keçmiş baş katibi
Françesko Franjialli olmuşdur.
UNESCO-nun sülh və qeyri-zorakılıq mədəniyyəti naminə sektorlararası platformasının direktoru Katerina STENOU demişdir ki, turizm insanlar arasında dostluq əlaqələrinin yaranmasına kömək edir. Onun fikrincə, turizm özlüyündə dəyərdir və insanların rifahının yaxşılaşdırılması üçün böyük imkanlara malikdir. K.Stenou UNESCO-nun müxtəlif xalqların mədəni xüsusiyyətlərinin hifz edilməsi sahəsində həyata keçirilən layihələrindən də danışmışdır. K.Stenou demişdir ki, bu layihələr xalqların mədəni dəyərlərinin başqa xalqların da onlardan yararlana bilməsi məqsədi ilə qorunub saxlanılmasına xidmət edir.
ABŞ-ın Viskonsin-Stout Universitetinin professoru Cəfər CƏFƏRİ bildirmişdir ki, islam ölkələri böyük turizm imkanlarına malikdir. O demişdir: "Bundan islam mədəniyyəti ilə dialoq yaratmaq üçün istifadə etmək olar. Turizm müxtəlif dəyərləri birləşdirən amildir".
Tunisin keçmiş turizm naziri, Beynəlxalq Turizmdən Yazan Jurnalistlər Federasiyasının prezidenti Tijani HƏDDAD bildirmişdir ki, turizm bir çox ölkələr üçün gəlir gətirən əsas sahədir. T.Həddad demişdir: "Turizmin sabit inkişafı təkcə iqtisadiyyatın inkişafına gətirib çıxarmır, həm də başqa sahələrin tərəqqi etməsi üçün stimul rolu oynayır. Miqrasiya da turizm növlərindən biridir".
Avropa Mədəni Marşrutlar İnstitutunun direktoru Penelope DENU qeyd etmişdir ki, turizm sektorunu genişləndirmək, insanların səyahət etməsi üçün əlverişli şərait yaratmaq lazımdır. Turizm müxtəlif konfessiyalar arasında əlaqələr yaradır ki, bu da qarşılıqlı anlaşma, tolerantlıq mühitinin yaxşılaşmasına xidmət edir.
İsveçrənin Lozanna Universitetinin turizm sahəsində beynəlxalq iqtisadiyyat üzrə professoru Peter KELLER vurğulamışdır ki, bir çox ölkələrdə insanlar turizmin hesabına yaşayır. Bu fakt da özlüyündə həmin sahənin böyük humanitar əhəmiyyətinə dəlalət edir. O demişdir: "Biz turizmin insanlara sabit gəlir gətirməsinə can atmalıyıq. Bu, dünyada yoxsulluğun azaldılmasına kömək edəcəkdir".
Azərbaycan
Turizm İnstitutunun rektoru Cəfər CƏFƏROV ölkəmizdə
turizmin tədrisi sahəsində görülən işlərdən
danışmışdır. Rektor demişdir ki, Azərbaycan
dünya mədəniyyətinə böyük töhfələr
vermişdir. Turizm Azərbaycanda dinamik inkişaf edən sahələrdən biridir. C.Cəfərov
Turizm İnstitutunun fəaliyyətindən danışaraq vurğulamışdır ki, bu ali
məktəb turizm sahəsi
üçün ixtisaslı
kadrlar hazırlayır.
Azərbaycan.-2013.- 1 iyun.- S.5.